Reklamın effektivliyini necə anlaya bilərik?

Son dövrlər sosial şəbəkələrdə, reklam verənlərin sayı artmaqdadır. Hətta bəzi reklam verənlər uğurlu reklam kimi öz nəticələrini (məsələn impression, mesaj sayı və s.) paylaşır. Lakin, əksər postlarda reklam verənləri və nəticələri görənləri aşağıdakı sual düşündürür:

Reklamların effektiv olub-olmamasını necə başa düşə bilərəm?


İlkin olaraq, bildirmək istərdim ki, əgər rəqəmsal marketinqdən çox da anlayışınız yoxdursa, bu halda, mütəxəssislərlə əməkdaşlıq edin. Çünki, reklam vermək asan görünsə də, əslində mürəkkəb funnel məntiqləri nəzərə alındıqda çox çətin bir sahədir. Əks halda, bu biznesiniz üçün həm vaxt, həm pul itkisinə səbəb olacaqdır.


Qeyd: Mənimlə əməkdaşlıq üçün elshanaslanov.com saytına keçid edib formu doldurun. 

Yuxarıdakı suala isə iki yanaşma ilə cavab vermək olar:

  • Yerli bazara müvafiq 
  • Qlobal təcrübəyə müvafiq (qlobal praktika)

Yerli bazarda, adətən kiçik və orta bizneslər reklamlar verir. Onlar isə adətən məsələyə profesional yanaşmır sadəcə reklamlar verirlər. Lakin, yekunda kampaniyaların nəticələri onları da düşündür. Bu tip reklamlarda effektivliyi ölçmək üçün qızıl qayda əslində bu sualdır.


Reklamlarda məqsədiniz (hədəfiniz) nə idi?

Əgər bu suala cavabınız konkret bir hədəfdirsə və ona çatmısızsa (və ya keçmisizsə), buna qismən uğurlu reklam demək olar. Lakin, əksi paradiqma ilə qarşılaşmısınızsa, bu halda reklamınız uğursuzdur. Gəlin məsələyə daha da yaxından baxaq.


Reklamlarda hədəflər nə ola bilər?

Hər bir biznes üçün hədəflər müxtəlif ola bilər. Məsələn, bəzən reklam verənlər böyük sayda kütləyə çatmaq istəyir. Bu halda Reach kampaniyaları müvafiq ola bilər. Burada uğur, optimal kontentlə və daha az xərclə hədəflənən sayda kütləyə çatmaq və ya follower qazanmaq ola bilər.

Bir sıra bizneslər isə çox lead və mesaj kampaniyalarından istifadə edirlər ki, bu tip kampaniyalarda daha ucuza və daha çox mesaj (lead) əldə etmək uğurdan xəbər verə bilər. 


Lakin, bizneslər üçün kritik tövsiyyə, məhsul və xidmətlərin satış həcminə fokuslanmaqdır. Belə ki, istənilən biznes üçün reklamda əsas hədəf adətən satış etməkdir. Əgər siz qazandığınız, izləyicilərə, mesaj yazanlara hədəflədiyiniz qədər məhsul və ya xidmətinizi satmamısınızsa, bu halda reklamınızın uğurundan söhbət belə gedə bilməz.

Buna görə də, hədəfinizi düzgün müəyyən etməli və ona əsasən nəticələr əldə etməyə çalışmalısınız.

Qlobal təcrübə də isə buna müvafiq bir sıra metriklər vardır.


Gəlirlilik səviyyəsi - Return on investment (ROI)

Bu formula ən kritik formulalardan biridir. Bütün qazanc və bütün investisiya xərclərinə nəzərən gəlirlilik səviyyəsinin hesablanması ilə müəyyən edilir. Adətən bütün xərclər bura daxil olduğundan, bəzən rəqəmsal marketoloqların bunu hesablaması mümkün olmur. Biznes subyektində bu işlə məşğul olan konkret şəxslər bu metriki asanlıqla hesablaya bilərlər.

Gəlirlilik səviyyəsi belə hesablanır: 
Gəlirlilik səviyyəsi = Xalis gəlir / İnvestisiya xərci x 100

Reklam xərclərinin geridönüşü - Return on ad spend (ROAS)

Reklam xərclərinin geridönüşü isə aşağıdakı kimi hesablanır:
Reklam xərclərinin geridönüşü = Reklamdan gəlir / Reklamın xərci


Çox kritik metriklərdən biri budur. Siz asanlıqla bunu hesablaya bilərsiz. Məsələn, əgər siz ₼‎100 xərcləmisiz və ₼‎250 qazanc əldə etmisinizsə, bu halda sizin geridönüşünüz 2.5 kimi hesablanacaq. Ümumiyyətlə, cavab

1-dən kiçikdirsə, itkidəsiniz;
1 - ə bərabərdirsə, break pointdir, yəni nə qazanır nə də, itirirsiniz;
1-dən böyükdürsə, qazanırsız deməkdir.

Konversiya həcmi - Conversion rate

Konversiyanı çevrilmə kimi də başa düşə bilərsiz. Yəni reklamınız insanların qarşısına çıxıb və nə qədəri məsələn, satışa, leadə və s. - yə çevrilib. 


Konversiya həcmi = Ümumi konversiya sayı / reklamla əlaqədə olan istifadəçi sayı

Hər əldəolunma başına xərc - Cost per acquisition (CPA)

Bu metrik məsələn, hər satışa çəkilən xərci nəzərdə tutur. Aşağıdakı kimi hesablanır:
Hər əldəolunma başına xərc = Ümumi xərclər / əldə olunan konversiya 

Lead başına xərc - Cost per lead (CPL)

Lead başına xərc isə əldə edilən leadlərə nəzərən hesablanır:
Lead başına xərc = Ümumi xərclər / lead sayı

Qeyd: Konversiya həcmi, Hər əldəolunma başına xərc və Lead başına xərc metrikləri daha çox istifadə olunan metriklərdir.

Klik başına xərc  - Cost per click (CPC)

Klik başına xərc, vebsaytlara trafik gətirilən zaman istifadə olunan metirkdir.  
Klik başına xərc  = Xərclənən ümumi pul həcmi / reklamdan əldə edilən kliklər
Bu metrikin nə qədər çox ucuz olması bir o qədər optimal nəticə əldə etməyə kömək edir. 

Yekunda isə nəzərə alın ki, reklamın effektivliyi hədəflərinizə bağlıdır. Satış, lead qazanma və s. bunlara aid ola bilər. Konkret metrik kimi isə, Reklam xərclərinin geridönüşü, Konversiya həcmi, hər əldəolunma başına xərc, Lead başına xərc və Klik başına xərc ola bilər.